
Uşaqlarda məsuliyyət hissini dərk etmə şüurunun formalaşması I Hissə
Hər bir valideyn övladını savadlı, özünəinamlı və bacarıqlı bir şəxsiyyət kimi yetişdirmək istəyər. İnsanın öz hərəkətlərinin və davranışlarının məsuliyyətini dərk etməsi bir gündə öyrəniləcək bir qabiliyyət deyildir. Məsuliyyətin fərqinə varmanın formalaşması hələ insanın körpəliyindən etibarən atılan addımlarla mümkündür. Məsuliyyət hissi də həyatla bağlı digər dəyərlər kimi uşağın əvvəlcə valideynlərindən, sonra isə sosial mühitindən öyrəndiyi və təkmilləşdirdiyi bir bacarıqdır.
Elə isə məsuliyyət hissi və bu hissin dərki nə deməkdir? Qeyd etmək lazımdır ki, məsuliyyət hissi hər bir fərdin sonradan qazandığı bir qabiliyyət kimi xarakterizə edilə bilər. İnsanlar bir sıra səbəblərdən dolayı məsuliyyət hissini dərk etmək xüsusunda müxtəlifdirlər. Hətta bir ata-ananın iki övladı məsuliyyət hissini dərk etmək xüsusunda tamamilə fərqli davrana bilərlər. Unudulmamalıdır ki, övladlarının məsuliyyət hissini dərk edən fərd kimi formalaşmasında ən böyük rol valideynlərin üzərinə düşür. Məsuliyyət hissini inkişaf etdirmək üçün valideynlər uşağın yaşına, cinsiyyətinə və şəxsi keyfiyyətlərinə münasib tapşırıqları yerinə yetirməsinə fürsət verməli və onların müsbət davranışlarını möhkəmləndirməlidirlər.
Məsuliyyət hissi nə üçün əhəmiyyətlidir?
Məsuliyyət hissi bir sıra öhdəlikləri yerinə yetirmək üçün lüzumlu bir qabiliyyət kimi qəbul edilsə də əslində fərdin bu keyfiyyətlərini inkişaf etdirməsi davranışlarının nəticələrinin fərqinə varması ilə əlaqədardır. Məsuliyyət hissi ilə özünəinamın formalaşması arasında olduqca güclü bir əlaqə vardır. Belə ki, uşaq öz ehtiyaclarını qarşılaya bildikcə, onun valideynlərindən asılılığı da getdikcə azalır. Davranışlarının nəticəsini gördükcə və qabiliyyətlərini inkişaf etdirdikcə uşağın özünəinamı artır. Təbii inkişafın bir hissəsi kimi mərhələli şəkildə həyatla bağlı yeni qabiliyyətlər kəsb edərək (iməkləmək, yürümək, qaçmaq, heç kimin köməyi olmadan yemək yeməyi bacarmaq və s.) qazanılan hər bir bacarıq uşağın fərd kimi formalaşmasında mühüm rol oynayır. Qabiliyyətlərini istifadə etdirməyə fürsət verilməyən uşaqlarda özünəinam və yetərlilik hissi kifayət qədər inkişaf etmir.
Məsuliyyət hissi uşağın zaman keçdikcə yiyələndiyi yeni qabiliyyətlərini tətbiq etməsi baxımından əhəmiyyətlidir. Uşaq qaşıq tuta bildiyi andan etibarən sərbəst yemək yeməli olduğunu dərk etməzsə, bu, onun hərəkətlərini müstəqil şəkildə yerinə yetirə bilən fərd kimi formalaşmasında problemlərə səbəb olacaqdır.
Hələ kiçik yaşlarından etibarən evdə məsuliyyət hissi azacıq belə formalaşmamış uşaqlar məktəbə getdikdə ev tapşırıqlarını yerinə yetirməyi, eləcə də əşyalarını tez-tez unudan, çanta və masalarını sahmana salmaqda çətinlik çəkən, qarşılaşdıqları hadisələr qarşısında hər zaman başqalarından yardım almaq ehtiyacı hiss edən və bu səbəbdən özlərinə olan inamları tam şəkildə inkişaf etməyən fərdlərə çevrilirlər.
Məsuliyyətin dərkində valideynlərin rolu.
Hər bir valideyn övladının məsuliyyətli insan olmasını istəyər. Ancaq bir çox hallarda gündəlik həyatda məqsəd ilə nəticə arasında fərqliliklər görünür. Məsuliyyəti dərk etmək mərhələli şəkildə inkişaf edən bir qabiliyyətdir. Bu qabiliyyətin formalaşması üçün öyrənilən bütün bacarıqların tətbiqinə ehtiyac vardır.
Uşaqlara məsuliyyəti nə zaman və necə öyrətməli?
Əslində bu sualın cavabı uşağın inkişaf dövrlərində axtarılmalıdır. Uşaqlar zehni və fiziki baxımdan inkişaf etdikcə, bir sıra qabiliyyətlər formalaşdıqca tədricən müəyyən məsələlərdə məsuliyyət yükünü öz çiyinlərinə götürməyə hazır vəziyyətə gəlirlər. Məsələn, sərbəst şəkildə paltarını soyunub-geyinə bilən bir uşaqda bunu təkbaşına etməli olduğu məsuliyyətinin formalaşmağa başlaması təbiidir. Qabiliyyətlərin təkmilləşdirilməsi onların istifadə davamlılığından asılıdır. Buna görə də valideynlər övladlarının hər bir şeyi sərbəst şəkildə yerinə yetirə bilməsi üçün fürsət verməlidirlər. İlk addımlar çətindir, lakin olduqca həyəcanvericidir. Uşaqlar ehtiyaclarını qarşılaya bildiklərinin fərqinə vardıqca özlərinə olan inamı da artacaqdır. Yemək yeyə bilən bir uşağa yemək yedizdirməyə davam etmək həm onun bu istiqamətdəki qabiliyyətlərinin inkişafına, həm də onun yetərlilik duyğusuna zərər verə bilər. Azyaşlı gəzməyə başladıqdan etibarən valideyn onu hər yerə qucağınızda daşımamalıdır. Stəkanı əlinə heç kimin köməyi olmadan götürdüyü andan etibarən su içmək onun üçün daha əyləncəli olacaqdır. Çünki böyüklər bir işin öhdəsindən gəldikləri zaman zövq alırsa, uşaqlar da kiçik hesan etdiyimiz bir “uğura imza atdıqları” zaman eynilə sevinirlər. Valideyn isə övladına bu zövqü dadmaqda dəstək olmalıdır.
Uşaqda məsuliyyət hissinin formalaşmasında valideynlərin üzərinə düşən digər bir vəzifə isə laızmi davranışları nümayiş etdirmələridir. Uşaqlar yaxşı müşahidə qabiliyyətinə malik olduqlarına görə, ana-atanın uşaqlarına öyrətmək istədikləri davranışlar üçün model təşkil etməsi təsirli bir metoddur. Valideynlər gündəlik həyatla bağlı məsuliyyətlərini və öhdəliklərini məcburi və istəksiz şəkildə həyata keçirir yaxud axsadırlarsa, bu onların övladlarında məsuliyyət hissinin formalaşmasına mənfi təsir göstərəcəkdir.
Uşaqlar “yaşayaraq-edərək” öyrənirlər. Bu səbəbdən məsuliyyət hissinin inkişaf etdirilməsində ən təsirli üsullardan biri uşağa etdiyi hərəkətin nəticəsinə şahid olmağa imkan verməkdir. Valideynlər əsasən uşaqlarını “çətinliklərdən” qorumaq üçün həyatı onlar üçün asanlaşdırmağa çalışırlar. Buna misal olaraq, məktəbə gedərkən uşaqları geyindirmək, ayaqqabılarının bağlarını bağlamaq, onların əvəzinə ev tapşırıqlarını yerinə yetirmək kimi nüansları göstərmək mümkündür. Bu cür davranışların uşaqlara kömək kimi qəbul edilməsinə baxmayaraq, azyaşlının şəxsiyyət kimi formalaşmasına, onda özünəinam hissinin yaranmasına olduqca mənfi təsir göstərəcəyi şübhəsizdir. Bir nəfər hər gün sizin işlərinizi görsə, siz öz işinizi görmək üçün cəhd edərsinizmi? Uşaqlar da təbii olaraq, valideynləri tərəfindən dəstəklənən qabiliyyətlərini inkişaf etdirmək ehtiyacı hiss etməzlər. Ancaq valideyn dəstəyinin azaldığı zaman uşaqların böyük çətinliklərlə qarşılaşacağı da aydındır. Çünki vaxtında inkişaf etdirilməyən qabiliyyətləri sonradan kəsb etmək üçün daha çox əmək sərf etmək lazım olacaqdır. Məsələn, 5-ci sinfə qədər məktəb tapşırıqlarında valideynlərindən hərtərəfli köməyi görən şagird 6-cı sinifdə oxuduğu zaman: “Artıq böyüdün, dərslərini özün et!” deyildiyi zaman öz məsuliyyətini yetinə yetirməkdə çətinlik çəkəcəkdir.
Digər tərəfdən, uşaqların hər dəfə yeni bir şey öyrənməsi müəyyən vaxt tələb edir ki, bu zaman isə valideynlər səbirli davranmalı olduqlarını unutmamalıdırlar. Uşağın yeməyi sərbəst yeməyə başladığı zaman dağıtması yaxud stəkanı əlindən salması təbiidir. Bu cür vəziyyətlərdə valideynin tənqidi davranması, “Dəymə! Dağıdacaqsan! Sən edə bilməzsən!” kimi ifadələr səsləndirməsi və hər bir işi özlərinin yerinə yetirməsi uşaqda məsuliyyət hissinin formalaşmasına mənfi təsir göstərəcəkdir.
Yaşa uyğun məsuliyyətlər nələrdir?
Hər bir yaş dövründə uşağın edə biləcəyi işlər və bu işlərə müvafiq məsuliyyəti vardır.
2-3 yaş qrupu: Bu yaş qrupundakı uşaqlar yeni kəsb etdikləri qabiliyyətlərindən istifadə edərək, hər bir işi təkbaşına görmək xüsusunda olduqca istəkli davranırlar. Bəzən bu istəklər qarşısıalınmaz inadkar davranışlara səbəb ola bilər. Bu dövrdə sərbəst hərəkət etmək və qaydalar arasında balans yaratmaq məsələsi valideynləri gözləyən ən çətin vəzifələrdəndir. Bu yaş dövründə uşağın bəzi qidaları özü qəbul etməsi, eləcə də çəngəl-qaşıqdan istifadə və stəkandan su içmə cəhdi qeyd oluna bilər. Bu zaman valideynin üzərinə düşən vəzifə övladının bu qabiliyyətləri öyrənməsi və inkişaf etdirməsinə yardım etməkdir.
Yeməyini tökərək yediyinə görə anası tərəfindən yedizdirilən bir uşağın çəngəl-qaşıqdan istifadə etmək qabiliyyəti yeməyi özbaşına yeməyə cəhd etməsinə fürsət verilən uşağa nəzərən daha ləng inkişaf edəcəkdir.
3-4 yaş qrupu: Bu yaş qrupunda olan uşaqlar olduqca enerjili, hərəkətli və valideynlər tərəfindən qoyulan “qaydaları pozmağa” həvəslidirlər. Belə olduqda valideyn müəyyən sərhədlər və qaydalar çərçivəsində uşağın bu hərəkətliliyini nəzərə almalı, onun fiziki və zehni inkişafına şərait yaratmalıdır. qla yanaşı, sərhədlər cızmaq, həm də qaydaları test etmə qarşısında esneklik və yaradıcılığı qoruya bilmək mühümdür. Məsələn, bu yaş dövründə olan uşaqlar bəsit ev işlərində valideynlərinə yardım etmə, oynadıqdan sonra oyuncaqları yerinə qoyma vərdişlərinə yiyələnə bilərlər. Həmçinin, bu yaş qrupunda olan uşaqlar diş fırçalamaq, əl-üzünü yumaq, ayaqqabı geyinmək kimi vərdişlərə də yiyələnmək qabiliyyətinə malik olurlar.
Tərcümə etdi: Anar Rüstəmov
/AzeriMuslims/
78 dəfə oxunub
İstifadəçi şərhləri
çap versiyası
göndər
yuxarı