AzeriMuslims.com

AZERUS
GOAdvertise with Us

Ana səhifə
Xəbərlər
Məqalələr
Yüklə
Sual-Cavab
Forum
Quran
Kim-Kimdir yeni
Linklər
 
Namaz vaxtı: 09-09-2010
Sübh05:43
İşraq07:15
Zöhr13:38
Əsr17:14
Məğrib20:00
İşa21:28
 

Günün sualı
Ramazanın son 10 günü sizin üçün nə deməkdir?
Bu ayda günahlardan təmizlənməyim üçün son fürsətdir
Heç bir fərq görmürəm
Bacardığım qədər gecələri ibadətlə keçirməyə çalışıram
Bu gecələrdən lazımınca istifadə edə bilmirəm

Sualların arxivi


  
Email:

  


  Uşaqlarda məsuliyyəti dərk etmə şüurunu formalaşdırmaq (II hissə)
30-07-2010


Uşaqlarda məsuliyyəti dərk etmə şüurunu formalaşdırmaq (II hissə)

4-5 yaş qrupu: Bu yaş dövründən etibarən uşaqlarda zehni, fiziki və sosial qabiliyyətlərin daha da inkişaf etməsnə paralel olaraq, məsuliyyət hissi məfhumu daha böyük əhəmiyyət kəsb etməyə başlayır. 2-3 yaş qrupunda müşahidə edilən ərköyüncəsinə davranışların azaldığı, gündəlik həyatla bağlı müşahidələrinin və ətraflarına maraqlarının artdığı bu dövrdə uşaqlar “iş görməkdən” və bacarıqlarını nümayiş etdirməkdən böyük zövq alırlar.


Ev işlərində anaya, təmir işlərində isə ataya kömək etmək kimi yetişkin insanın gördüyü işlər bu yaş qrupunda olan uşaqların marağını cəlb edir. Əvvəlki yaş qruplarında müşahidə edilən qabiliyyətlərlə yanaşı, bu yaş qrupuna daxil olan uşaqlar əşyalarını toplaya, eləcə də görülməsi asan olan işləri yerinə yetirə bilirlər. Buna misal olaraq, evdə bəzi əşyaların tozunu almaq, süfrə qaydalarına riayət etmək kimi xüsusları göstərmək mümkündür.
Valideynlər bu yaş qrupunda olan uşaqlarından oyuncaqları yığışdırmasını, əl-üzlərini heç kimin köməyi olmadan yumağı, həmçinin, yemək yeməyi, süfrə hazırlanarkən bəzi şeyləri (duz və s.) yerləşdirməyi gözləyə bilərlər.
5-6 yaş qrupu: Məktəbəqədərki dövrdə olan bu yaş qrupundakı uşaqlar artıq yavaş-yavaş öz ayaqları üzərində durmağa başlayırlar. Bu yaş qrupundakı uşaqların əsas xüsusiyətlərindən biri də xarici aləmlə bağlı bacarıqlara yiyələnməyə və məsuliyyəti qəbul etməyə hazır vəziyyətə gəlmələridir. Ola bilsin ki, bu qabiliyyətləri valideynlərin gözlədiyi qədər sürətli deyildir. Ancaq burada valideynlərin səbirli davranmaları, övladlarının bir qədər ləng davranışları qarşısında hövsələdən çıxmayaraq, kiçik işləri yerinə yetirmələri xüsusunda uşaqlarına şərait yaratmaları gərəkdir. Əks təqdirdə isə uşaqların qabiliyyətlərinin inkişafı daha çox vaxt tələb edəcəkdir. Digər tərəfdən, əgər bir yerə gecikilməməsindən söhbət gedirsə, uşağın hazırlanması üçün kifayət qədər vaxt verildikdən sonra gec qalmanın nəticəsini uşağın yaşaması da məsuliyyət duyğusunun inkişafı baxımından əhəmiyyətlidir. Qeyd etmək lazımdır ki, bu yaş qrupunda olan uşaqlar ev işlərində (süfrə hazırlamaqda və s.) valideynlərinə kömək edə bilərlər.
7-12 yaş qrupu: Bu yaş dövründə məktəb uşaqların həyatında çox mühüm bir yer tutur. Dolayısı ilə bu dövrdə məsuliyyətlərin əksəriyyəti məktəblə bağlıdır. Dərsləri, ev tapşırıqlarını yerinə yetirmək, məktəb və sinif qaydalarına riayət etmək və s. Təbii ki, bu yaş qrupunda olan uşaqların ev işlərinə dair məsuliyyətləri (dərs stollarını sahmana salmaq, otaqlarını yığışdırmaq, paltarlarını düzgün yerləşdirmək və s.) davam edəcəkdir.
Valideynlərə tövsiyələr:
Kiçik addımlar:
Uşaq böyüdən valideynlər üçün ən həyəcanverici anlar uşağın yeni qabiliyyətlərə yiyələnməsi və nümayiş etdirməsidir. İlk addımlar, ilk kəlimələr və s... Uşaqlar öyrəndikləri hər bir yeni qabiliyyəti ilə fərdləşmək üçün bir addım atarlar. Böyümək, fərd kimi yetişmək uzun bir yoldur və uşaqların hər bir zaman valideynin rəhbərliyinə ehtiyacları vardır. Uşağın yeni öyrəndiyi davranışları dərhal və mükəmməl şəkildə həyata keçirməsinin gözlənilməməsi onun məsuliyyət hissinin dərk etməsi məsələsində də keçərlidir. Kiçik yaşdan etibarən uşaqda məsuliyyət hissini inkişaf etdirməsi üçün fürsətlər və şərait yaratmaq, onun keçirdiyi təcrübələri səbir və sevgi ilə dəstəkləmək mühüm əhəmiyyət kəsb edir. Azyaşlının gələcəkdə məsuliyyətli bir fərd ola bilməsi üçün 10 yaşına çatdığı zaman məsuliyyət hiss etməsi gözlənilməməlidir. Bu hiss həyatın ilk illərindən etibarən formalaşan və tədricən inkişaf etdirilən qabiliyyətdir.
Müsbət reaksiyalar: Hər bir yeni davranışın öyrənilməsi və təkrar edilərək, vərdiş halına gətirilməsi üçün müsbət reaksiyalara ehtiyac vardır. Valideynin qayğısı və dəstəyi istənilən davranışların öyrənilməsində başlıca rolu oynayır. Uşaqlar hər zaman onlara göstərilən qayğıdan təsirlənməyə bilərlər. Onların bəzən valideynlərin mənfi reaksiyalarından dolayı düzgün olmayan hərəkətə yol verərək, arzuedilməz davranış nümayiş etdirmələri mümkündür. Buna görə də uşaqlara nə etməmələrini deyil, nə etməli olduqlarını bildirmək vacibdir. Qadağalar xoşagəlməz davranışların istənilmədən möhkəmlənməsinə gətirib çıxara bilər. Halbuki, gözəl, doğru və lüzumlu hesab edilən davranışların fərqinə varmaq, uşaqlara belə davranışları aşılamaq daha münasib və effektlidir. Uşaqlar valideynlərinin razılığını almaq, onlardan tərif eşitmək istərlər. Özünü müsbət davranışa kökləmək, buna müvafiq reaksiya nümayiş etdirmək arzuedilən davranışın inkişaf etdirilməsi üçün ən təsirli üsuldur. Valideyn övladına qardaşını ağlatdığı zaman qəzəblənmək əvəzinə onunla sakit bir şəkildə oynadığı anlarda diqqət və qayğı göstərsə arzuedilən davranışa diqqət ayırmış olacaqdır. Təbii ki, bu, mənfi davranışa icazə vermək yaxud göz yummaq kimi başa düşülməməlidir. Burada vurğulamaq istədiyimiz nüans möhkəmləndirilməsi istənilən davranışın dəstəklənməsidir.
Motivasiya: Yerinə yetirilməsi əyləncəli olan, gözəl və tərifəlayiq sözlərlə nəticələnən hərəkətlərin edilməsinə şərait yaratmaqla uşaqlara məsuliyyət hissini aşılamaq daha asandır. Süfrə hazırlayarkən və yığışdırarkən uşağa iş “buyurmaq” buna misal göstərilə bilər.
Xadimənin rolu: Ev işlərinə kömək edən şəxslərin də uşaqlarda məsuliyyət hissinin inkişafında təsiri vardır. Evdə gündəlik işlərə və təmizliyə cavabdeh şəxs və ya şəxslərin olmasından asılı olmayaraq, uşaqlar öz işlərini özləri görməlidirlər. Ev sahibinin görməli olduğu işləri xadimə yerinə yetirirsə, uşaq da eyni “imtiyazlar”a sahib olmaq istəyəcəkdir. Buna görə də valideynin öhdəsinə düşən iş xadimənin olmasına rəğmən uşağa məsuliyyət hissini aşılamaq olmalıdır. Unudulmamalıdır ki, yatağının başqası tərəfindən yığışdırılmasına vərdiş edən uşaq uzun illər yatağını yığışdırmağı öyrənməyə ehtiyac hiss etməyəcəkdir.
İşi hissələrə ayırmaq: Uşağınıza öyrətmək istədiyiniz iş və ya davranışı mərhələlərə ayırın və ən sadə işdən başlayın. Bəzən yeniyetmə belə dağınıq otağa daxil olduğu zaman işə haradan başlayacağını bilməyib həvəsdən düşə bilər. Əgər uşağınızın otağını yığışdırmasını istəyirsinizsə, görüləsi işləri mərhələlərə ayırın. Burada birinci mərhələ oyuncaqları qutularına, ikinci mərhələ isə paltarları müvafiq yerə yerləşdirmək ola bilər.
Seçim imkanı vermək: Uşaqların müəyyən məsələlərdə söz sahibi olmalarını təmin etmək onların qəbul etdikləri qərarlara məsuliyyətlə yanaşmalarına və özünəinamlarının inkişafına kömək edir. Uşaqların özləri üçün münasib olanı seçmə imkanını əldə etmələri olduqca mühümdür. Təbii ki, seçiləcək alternativ işlərin valideynlər tərəfindən məhdudlaşdırılması mümkündür.
Hər əşyanın öz yeri: Evdə hər bir əşyanın öz yeri olduğunu bilmək uşaqların ətrafı təmiz saxlamasına kömək edir. Nəyin harada olduğunu bilmək uşağın işini asanlaşdırır. Səliqəli və hər bir əşyanın öz yerində olduğu ev uşağın sahmanlı olmağı öyrənməsinə müsbət təsir göstərir. Ancaq burada daha mühüm xüsus bu nizamın yaradılmasında uşağın da müəyyən rol oynamasıdır. Paltarları öz yerinə qoymaq, oxuduğu kitabı yerinə qoymaq, meyvə suyunu içdikdən sonra şüşəni yenidən soyuducuya qoymaq kimi gündəlik işlərdə uşaqların da məsuliyyəti olmalıdır.
Fərdi məsuliyyətdən sosial məsuliyyətə: Uşaqlara məsuliyyət şüurunu inkişaf etdirmək üçün əvvəlcə özləri ilə bağlı vəziyyətlərdən çıxış etmək, ailənin bir fərdi kimi ailə ilə bağlı məsuliyyətləri, daha sonra da sosial məsuliyyətləri öyrətmək vacibdir. Ailə içərisində öyrənilən qabiliyyətlər sosial münasibətlərdə həlledici rol oynayır. Uşaq dostları ilə harmoniya içərisində oynamaq, eləcə də məktəb qaydalarına riayət etmək üçün lazımi davranışları evdə ailə şəraitində öyrənməlidir. Valideyn uşağa məsuliyyət hissini aşılayarkən əslində onu ictimai həyata hazırladığını dərk etməlidir. Davranışların nəticəsini görmək, qarşılaşdığı problemləri təkbaşına həll edə bilmək, öz hissi və ehtiyaclarını münasib şəkildə ifadə edə bilmək, bununla yanaşı, digərlərinin haqq və duyğularının da fərqinə varmaq sağlam və xoşbəxt bir fərd kimi cəmiyyətin bir hissəsinə çevrilmək üçün lazımi qabiliyyətlərdir.
Tərcümə etdi: Anar Rüstəmov

/AzeriMuslsim/

125 dəfə oxunub

İstifadəçi şərhləri


Share |


Şərh əlavə et

Müəllif    
Mövzu





 

çap versiyası     göndər     yuxarı

 
Vote For Us!
© 2005-2006 by AzeriMuslims TEAM. All right reserved.
Design © 2006 by AzeriMuslims. All right reserved.