
XX əsrdə yaşamış Misirin tanınmış alimlərindəndir. Görkəmli fəqih olan Şəltut bir çox dini məsələlərə dair verdiyi fitvaları, eləcə də Əzhər universitetinin yad təsirlərdən xilas olaraq, müstəqil fəaliyyət göstərməsi, müsəlmanların təqlid və təəssübkeşlikdən uzaq durmağa çağırması ilə seçilmişdir.
M.Şəltut 1893-cü il aprel ayının 23-də Misirin Büheyrə şəhərinin Minyə Bəni-Mənsur kəndində anadan olub. İlk dini təhsilini öz kəndində alan Şəltut 12 yaşına qədər kənddə oxuma-yazmanı öyrənir, Quranı əzbərləyir.
1906-cı ildə dini təhsilini davam etdirmək üçün tanınmış alim M.Abduhun bir qrup tələbəsi tərəfindən 1903-cü ildə yaradılan və əl-Əzhər universitetinin nəzdində fəaliyyət göstərən İsgəndəriyyə Dini Elmlər İnstitutuna (İDEİ) daxil olur. M.Şəltut 1906-cı ildən 1918-ci ilə qədər bu institutda orta və ali təhsilini alır. Burada oxuduğu illərdə yalnız ümumi dərslərlə kifayətlənməyən Şəltut müəllimlərindən xüsusi dərslər də alır. 1918-ci ildə Şəltut Əzhər universiteti tərəfindən verilən “Alimiyyə” diplomu ilə məzun olur. Bu diplom üçün o, imtahana daxil olan tələbələr arasında ən yüksək balı toplayır.
1919-cu ildə məzun olduğu İDEİ-də pedaqoq kimi fəaliyyətə başlayan Şəltut institutda dərs deməklə yanaşı, elmi yaradıcılığını da davam etdirir. O, bu illərdə qələmə aldığı məqalələrdə Əzhər universitetində təhsil islahatların aparılması təklifini dəstəkləyir. Şəltut bu illərdə Misirin dirçəliş və müstəqilliyi uğrunda mübarizəyə qoşulur. İngiltərə müstəmləkəçiliyinə qarşı Səd Zəğlulun rəhbərlik etdiyi Misirin Müstəqilliyi Uğrunda Hərəkatın fəallarından birinə çevrilən M.Şəltut bu hərəkatı öz çıxışları və məqalələri ilə cəsarətlə dəstəkləyir.
1927-ci ildə M.Şəltut fiqh dərsləri vermək üçün Mustafa əl-Məraği tərəfindən Əzhər universitetinə dəvət edilir. Şəltut burada 1931-ci ilə qədər çalışır. Gənc alim Əzhərdə dərs dediyi zaman universitetin hakimiyyətin və ingilis müstəmləkəçilərinin təsirindən sıyrılaraq, müstəqil bir təhsil müəssisəsinə çevrilməsi üçün mübarizəyə qoşulur.
Misirin siyasi baxımdan çox həssas bir dövründə yetişən və pedaqoji fəaliyyətlə məşğul olan Şəltut bir sira siyasi və ictimai məsələlər haqqındakı fikirlərini istər qəzet və jurnallarda dərc etdirdiyi məqalələrdə, istərsə də verdiyi konfranslarda bəyan etməklə bu prosesdə mühüm rol oynayır. I Dünya Müharibəsi illərində Qərb qüvvələrinin İslam mədəniyyəti əleyhinə həyata keçirdikləri ideoloji müharibəyə qarşı o, öz qələmi ilə mübarizə aparır.
Dini və sosial məsələlərdə Abduhun tələbələrindən olan Mustafa əl-Mərağinin görüşlərindən təsirlənən gənc alim, xüsusilə, fiqhi məsələləri araşdırarkən yalnız hənəfi və ya digər 3 məzhəbin alimlərini deyil, Zeyd ibn Əli, Cəfər əs-Sadiq, İbn Həzm, İbn Teymiyyə və İbn Qəyyim əl-Cövziyyə kimi müctəhidlərin görüşlərinə də müraciət etmənin mümkünlüyü fikrini dəstəkləyir. Bunun təbii nəticəsi olaraq, o, İslam hüququnu araşdırma xüsusunda məzhəb təəssübkeşliyindən xilas olma, İslam hüququnu – fiqhi, Quran və Peyğəmbərin (s) sünnəsindən dəlillər işığında, əsrin tələblərinə uyğun olaraq yenidən izah və şərh etmə (ictihad) hərəkatının dinamizm qazanması kimi mühüm təşəbbüslər mövzusunda əl-Mərağinin metodunu mənimsəyir.
M.Abduhun Məhəmməd Şakir, Mustafa əl-Məraği, Mustafa Əbdürrəzzaq və Əbdülməcid Səlim kimi qabaqcıl tələbələrindən dərs alana Şəltut Abduhun “Ehya və Təcdid” məktəbinin aparıcı simalarından birinə çevrilir. Ancaq Şəltut M.Abduhu kortəbii şəkildə təqlid etmirdi. Belə ki, o, M.Abduh və M.Rəşid Rzanın müdafiə etdiyi Quranın müasir elmin nailiyyətlərinə görə təfsiri ilə bağlı görüşləri ilə razılaşmır.
M.Şəltut 1928-ci ildə Əzhər şeyxi olan Mərağinin təhsildə islahatlarla bağlı planını dəstəkləyir. Müxaliflərinə rəğmən geniş islahatlar hərəkatı başladan Məraği Əzhər universitetinin qapılarını dini və elmi ictihada açmaq istədiyini elan edir. Məraği bu islahat fəaliyyətini davam etdirərkən bir çox alimlə, eləcə də ölkə idarəsinə hökm edən işğalçı qüvvələrə qarşı mübarizə aparır və müxtəlif maneələrlə qarşılaşırdı ki, bu da 1929-cu ilin oktyabrında onun Əzhər şeyxliyindən istefası ilə nəticələnir. Mustafa əl-Mərağinin istefasından sonra Şəltut islah düşüncəsinə qarşı çıxan yeni Əzhər şeyxi Mustafa əz-Zəvahirini və belə mühafizəkar zehniyyətdə olan alimləri açıq şəkildə tənqid edir. 1931-ci ildə Əzhər alimləri ilə xüsusilə Əzhərdəki islah xüsusunda görüş ayrılığına düşür. M.Şəltut Əzhərin odövrkü təhsil proqramını tənqid xarakterli bir çox məqalə qələmə alır. M.Şəltut sayları bir neçə nəfər olan dostları ilə birlikdə islah fikrini Əzhər daxilində ucadan səsləndirməyə başladıqda isə onunla razılaşmayan alimlər qrupu və universitet təhbərliyinin birgə qəbul etdikləri qərarla universitetdən uzaqlaşdırılır. Bundan sonra o, Əli Əbdürraziqin hüquq məsləhətxanasında vəkil kimi fəaliyyətə başlayır. Habelə, Şəltut “Əmir Əli Tofiq” məscidində xalqa moizələr söyləyir, şəriət məhkəmələrində ailə məsələləri ilə bağlı məhkəmə proseslərində iştirak edir.
Əzhər universitetindən uzaqlaşdırılan tələbə və müəllim heyətinin yenidən geri qaytarılması üçün nümayişlər keçirildikdən sonra 1935-ci il aprelin 27-də Mustafa əl-Məraği yenidən universitetə rektor təyin edilir və ömrünün sonuna qədər bu vəzifəni icra edir. Bu zaman Şəltut da onunla birlikdə yenidən sözügedən universitetə qayıdır və Şəriət fakültəsinin dekanı təyin edilir. Mərağinin kralla münasibətlərinin həssas olduğunu görən M.Şəltut təhsil islahatlarını dəstəkləyən alimlər tərəfindən qurulan Dar ər-Risalənin çalışmalarının xalqa çatdırılması üçün strateji plan hazırlayır. O, müxtəlif konfranslardakı çıxışlarında Əzhər universitetinin müasir təhsil sisteminə keçilməsi, təqlid ruhunun tərk edilib tələbə və müəllim heyətlərinin ictihada təşviq edilməsinin vacibliyini vurğulayır.
1937-ci ildə M.Şəltut Hollandiyada keçirilən və “Müqayisəli hüquq” mövzusuna həsr edilmiş konqresdə iki alimlə birlikdə Əzhər universitetini təmsil edir. M.Şəltut gənc hesab edilə biləcək yaşda Misirin Təhsil Nazirliyində (MTN) müxtəlif vəzifələrdə (MTN müfəttişi, əcnəbi ölkə və mədəniyyətlərlə əlaqələr üzrə məsul şəxs və s.) çalışır.
1941-ci ildə M.Şəltut Əzhərdəki Böyük Alimlər Birliyinə (BAB) üzv seçilməklə quruma seçilən ən gənc üzv olur. Bu zaman o BAB-a “Dövrümüzdə ictihadın sferası və İslama qarşı hücumlara qarşı elmi metod haqqında təkliflər”lə bağlı bir iş planı təqdim edir.
1946-cı ildə Ərəb dili Akademiyasına üzv seçilən Şəltut 4 il sonra, 1950-ci ildə Əzhər universitetinin nəzdində yaradılan İslam Mədəniyyəti və Araşdırması Mərkəzinin Baş katibi təyin edilir. Bunula yanaşı, “Məhəmməd Əli” məscidində misirlilərin dini baxımdan maariflənməsi üçün açıq dərslər verən Şəltut burada fikirlərini daha azad şəkildə ifadə etmək imkanı tapır. Elə həmin il Əzhər şeyxi Əbdülməcid Səlim kral Faruqa Şəltutu Əzhər universitetinə prorektor vəzifəsinə təyin etməsini təklif edir. Anaq kral Şəltutun, xüsusilə, “Məhəmməd Əli” məscidindəki təhsil və islah mövzusundakı çıxışlarına son qoymayacağı təqdirdə bunun mümkün olmayacağını bildirir. Prorektor təyin olunması ilə bağlı təklifi eşitdikdə təmkinli davranan Şəltut daha sonra kralın şərtini eşitdiyi zaman: “Şərəf və azadlığım alış-veriş mövzusu edilə bilməz. Müstəqil fəaliyyətimə davam edə bildiyim məsciddə Allahın adına çalışmaq mənim üçün Əzhər universitetinin rektorunun müavini olub kralın əmrində şeytana xidmət etməkdən daha yaxşıdır”, - deyərək kral Faruqun şərtini qəbul etmir.
Quranın təfsirinə dair “Təfsir əl-Quran əl-Kərim” adlı əsər qələmə alan Şəltut digər müfəssirlərin metodundan fərqli olaraq, əsərində daha çox “məqasid əs-suvər” (Surələrin məqsədi) mövzusuna toxunur. Şəltutu dövrünün digər alimlərindən fərqləndirən xüsuslardan biri də xətiblik istedadı ilə seçilməsi və doğru hesab etdiyi fikirləri sonadək müdafiə etməsi olur.
1951-ci ildə bir qrup hökumət nümayəndəsinin Şəltutdan kral Faruqun babası Məhəmməd Əlinin xatirəsi ilə bağlı radioda çıxış etməsini istəyir. Təklifi qəbul edən alim çıxışında Məhəmməd Əlinin adını belə çəkməyərək, bütün veriliş ərzində İslam liderlərinin vəzifə və öhdəliklərindən bəhs edir. Bununla da Şəltutun kral ailəsi ilə onsuz da gərgin olan münasibətləri daha da pozulur.
1957-ci ildə Şəltut İslam məzhəbləri və dünyası arasında əlaqələrin inkişaf etdirilməsindəki fəaliyyətlərindən dolayı İslam Konfransı Təşkilatına (İKT) əvvəlcə müşavir təyin olunur, daha sonra isə qurumun Baş katibi seçilir. Tanımış fəqih elə həmin ilin noyabrında prezident Camal Əbdünnasir tərəfindən Əzhər universitetinin prorektoru təyin edilir. 1958-ci ildə 65 yaşında olan Şəltut Əzhər şeyxi Əbdürrəhman Tacın istefasından sonra universitetin yeni rektoru təyin edilir. Bununla da Əzhər universiteti tarixində ilk dəfə islahat fikrini müdafiə edən bir şəxs Əzhər şeyxi seçilir.
Əzhər şeyxi olduğu dövrdə bir çox yeniliyə imza atan Şəltutun xidmətləri arasında universitetdə qız tələbələrin təhsil alması üçün fakültə və institutların açılması da vardır. Alim rektor olduğu illərdə Çili Dövlət Universiteti və Cakarta İslam Universitetinin fəxri doktoru diplomu ilə təltif edilir. Tanınmış fəqih uzun sürən xəstəlikdən sonra 1963-cü il dekabr ayının 13-də Merac gecəsi 70 yaşında vəfat edir.
Hazırladı: Anar Rüstəmov
/AzeriMuslims/
162 dəfə oxunub
İstifadəçi şərhləri
M-Brothers
10-02-2010 , 00:40
Əsl müsəlman
Hazırda belə alimlərə islam ümmətinin böyük ehtiyacı var. Doğrudur, tanınmış din alimləri və fəqihlər hər əsr olub və İnşallah olacaqdır da. Ancaq Şəltut, Qərdavi, Mövdudi və Həsən əl-Bənna kimi alim və dəvətçilərə hər zaman ehtiyac vardır. Allah belələrinin sayını artırsın
çap versiyası
göndər
yuxarı