
Müsəlman dəvətçisi nə üçün sosiologiya elmini öyrənməlidir?
Tərcümə etdiyimiz bu məqalə dünya şöhrətli alim, Müsəlman Alimləri Birliyinin sədri, professor Yusif əl-Qərdavinin “İslam təşviqatçısı nələri bilməlidir?” kitabından götürülmüşdür. Məqalə sizin dünyagörüşünüzün artmasına və islamın həqiqi mahiyyətini anlamağınıza kömək edəcəkdir.
Sosiologiya – cəmiyyəti və onun müxtəlif tərəflərini öyrənən, sosuial təzahürlərin (fenomenlərin) təhlilinə və cəmiyyətin gedişatını tənzimləyən qanunların təsisinə kömək edən elm sahəsidir.
Avropalılar fransız filosofu Ogüst Kontu bu elmin banisi hesab edir və hətta sözügedəni “sosiologiyanın atası” adlandırırlar. Kontu sosiologiyanın banisi hesab edən avropalılar böyük islam alimi Əbdürrəhman bin Xəldunun bu elmə verdiyi böyük töhfələrdən ya xəbərsizdirlər, ya da özlərini xəbərsiz kimi göstərirlər. Sosiologiyaya verilmiş böyük töhfələrlə tanışlıq üçün böyük alimin tarixi genezisə dair məşhur “Müqəddimə”sinə nəzər salmaq kifayətdir.
Məlumdur ki, sosiologiya elminin müxtəlif məktəbləri vardır. Bunlardan da fərqli cərəyanlar ayrılmışdır. Bu cərəyanların hər birinin özünəməxsus metodları vardır. Bu metodlara tarixi, proqressiv, komparativ, funksional, formal, nəzəri və. s metodları misal göstərmək olar. Hətta tənqidçilərdən biri sosiologiya elmi haqda belə deyib: “Bu elmin metodları çox nail olduğu nəticələri isə azdır”.
Müsəlman dəvətçi bu elmin qayda-qanunlarını icmal şəklində öyrənməli, ən mühüm sosioloji hesabatlardan xəbərdar olmalı və nəhayət, sosioloqların ən son nailiyyətləri ilə tanış olmalıdır.
Çox vaxt, bu elmin müəyyən tərəflərindən silah kimi istifadə edərək dinə zərbə vurmağa və ona dəvət yolunda maneələr yaratmağa çalışırlar. Ögüst Kontun “Üç mərhələ” qanununu buna misaldır. Bu qanuna görə, metafizik fəlsəfə kimi, din də cəmiyyətdə öz rolunu oynaya bilmir. Mütləq rol yalnız empirik elmə aiddir.
Habelə, Kont və başqa sosioloqlar dini ictimai təzahür hesab etmiş, peyğəmbərlərin işlərini isə bəşəri beynin məhsulu saymışlar.
Eyni zamanda Dürkheym bə başqaları, Quranın və hədislərin bildirdiyinin əksinə olaraq, dinlərin təkamülündən danışır və qeyd edirlər ki, bütpərəstlik dinləri tarix keçdikcə monoteist dinlərlə əvəz olunmuşdur.
Hətta Dürkheym fərdi məsuliyyət ideyasına qarşı çıxaraq bildirir ki, fərd elə bir oyuncaqdır ki, onun saclarını cəmiyyət istədiyi kimi yellədir, oynadır. Təbii ki, bu fikir dinin insana yüklədiyi məsuliyyətlə, bu məsuliyyət uyğun öhdəlik, cəza və mükafat görüşü ilə ziddiyyət təşkil edir.
Qeyd edək ki, bu elmin əsaslarının İslam nöqteyi-nəzərindən təqdim edilməsi, İslam etiqadı ilə üst-üstə düşən fikri prinsiplər və İslamın dinə, həyata, insana və tarixə baxışı çərçivəsində öyrənilməsi olduqca vacibdir.
Məhz bundan sonra belə elm vasitəsilə sosial vəziyyətlə tanış olmaq, cəmiyyətin problemlərini və bu problemlərin səbəblərini elmi şəkildə öyrənmək, onları müvəqqəti deyil, birdəfəlik həll etmək mümkündür.
Tərcümə etdi: Dilavər Məmmədov
/AzeriMuslims/
330 dəfə oxunub
İstifadəçi şərhləri
çap versiyası
göndər
yuxarı