Məhəmməd Əmin Lənkərani

İslam məzhəblərinin yaxınlaşdırılması prosesində əhəmiyyətli məsələlər (üçüncü hissə)
III. Müctəhidin öz ictihadında haqlı və ya yanılmış olması və buna görə ona verilən savab: məzhəblərarası münasibətlərin yaxınlaşdırılması istiqamətində önə çəkilən mühüm məsələlərin məzhəbindən asılı olmayaraq müsəlmanlar tərəfindən düzgün başa düşülməsi və qəbul edilməsi, inanırıq ki, məsafələri həm yaxınlaşdırır, həm də islam həmrəyliyini qorumuş olur.
Bu məqaləmizdə isə əhəmiyyətli məsələlər silsiləsindən olan “Müctəhidin öz ictihadında haqlı və ya yanılmış olması və buna görə ona verilən savab” məsələsinə toxunmaq istəyirik.
Müctəhid öz ictihadında hər hansı bir yanlışlığa yol verərsə, o, üzrlü sayılır, hətta o, ictihad etdiyinə görə savabdan da məhrum edilmir. Yox əgər ictihadında həqiqətə yetişərsə, onda ona ikiqat savab düşür.
Əlbəttə, bu, İslam dininin elmə və alimə verdiyi qiymətdir. Çünki ictihadın nəticəsi yanlış olsa belə, müctəhid elmini sərf edir, əməyini əsirgəmir, həqiqətə yetişmək niyyəti ilə çalışır. İslam dini onu üzrlü saymaqla kifayətlənə də bilərdi, nə onu danlayardı, nə də ona bir qat (dərəcə) savab verərdi, lakin İslam dini ona ictihadına görə qiymət verir. Peyğəmbər (s) deyib: “Əgər hakim ictihad edib məsələnin hökmündə həqiqətə yetişərsə, ona iki qat, həqiqətə yetişməzsə, ona bir qat savab verilər”.
Professor Yusif əl-Qərdavi ictihad əhli ilə bağlı iki məsələni nəzərə çatdırır:
1) Müctəhiddə ictihad qabiliyyətinin və şərtlərinin olması: o, Quran və hədisləri, ərəb dilini bilməli, alimlərin həmrəy olduğu və ixtilaf etdiyi məsələlərdən xəbərdar olmalıdır. Fiqhin üsullarını, qaydalarını, istinbat (hökmləri ələ gətirmək) yollarını təfsilatı ilə bilməlidir ki, məsələni tədqiq edəndə həqiqətə yetişməsə də ona yaxınlaşa bilsin. Habelə, ictihad etdiyi məsələ ilə bağlı Qurandan və ya Sünnədən qəti dəlil, açıq-aşkar dəlil edən hökmlər olmamalıdır. Çünki qəti dəlil olan yerdə ictihad doğru deyildir. İctihad zənni dəlillərə söykənən, bir çox ehtimalları özündə əks etdirən məsələlərə şamildir.
2) İctihadda yanlışlıq nisbi xarakter daşıyır. Ola bilsin ki, bu gün müctəhidin ictihadı öz yerini tutmasın, amma sabah o rəyi qəbul edənlər, o qənaətə gələnlər tapılsın. Tarixdə belə hallar çox olub.
Məsələ ictihada söykəndiyi üçün bir müctəhid digər müctəhidə irad tuta bilməz. Müctəhidlərin məsum olmamalarına və məsələnin ictihadla bağlı olmasına əsasən hər bir müctəhid digər müctəhidin nəzər nöqtəsinə hörmətlə yanaşmalıdır.
Bu məsələdə müqabil tərəfə qarşı nəinki kobudluq etmək, hətta ona irad tutmaq belə doğru sayılmır. Fitva və ya görüş məzhəb alimləri arasında ictihada söykənirsə və fikir ayrılıqlarının yaranması da bu qəbildəndirsə, o zaman müxalif tərəfə qarşı etiraz etmək doğru sayılmaz. Əgər müxalif tərəfin məsələyə dair görüşü zəifdirsə, onda məsələyə elmi dəlillər əsasında münasibət bildirmək məqsədəuyğun olar. Hikmət və konstruktiv diskussiya ilə başqasını qane etmək mümkün olduğu təqdirdə qarşı tərəflə ixtilaflı məsələdə ortaq məxrəcə gəlmək olar. Amma tənə vurmaq, iftira yaxmaq, müxalif tərəfi batil saymaq, onu boykot etmək, dəlilinə belə baxmamaq təəssübkeşlik və qərəzlilikdən başqa bir şey deyildir.
İxtilaflı məsələlərdə qarşı tərəfi rədd etməyin mümkünlüyü məsələsinə gəldikdə isə Şeyx Yusif əl-Qərdavi belə deyir: “Üç məsələdə qarşı tərəfi inkar etmək doğru sayılar: 1) Qurandan möhkəm (mütəşabeh olmayan) və dəlilliyi açıq-aydın olduğu halda. Yəni, heç bir ehtimal və qənaətlərə yol açılmasın. Özündə bir neçə məna və ehtimal daşıya bilən ayədə ictihad məqbul sayıldığından alimlərin görüşləri müxtəlif ola bilər. Çünki hər bir alim ayəni öz ictihadi, şüuru və dərketmə qabiliyyəti səviyyəsində araşdırır. 2) Hədisin səhih və dəlilolma baxımından açıq-aşkar olduğu halda. Yəni, səhih olmayan və ya bir qrup hədis alimlərinin səhih saydığı, digər qrup hədis alimlərinə görə səhih sayılmayan hədislər və ya başqa yollarla hədisin səhihliyinə inananlar və ya inanmayanlar olduğundan alimlərin məsələdə ixtilaf etmələri məqbuldur. 3) Alimlərin icması olan yerdə. Hər hansı dövrdə alimlərin həmrəy olub məsələ ilə bağlı yekdil qərara gəlmələri icma adlanır. İcma olan yerdə ixtilaf etmək məqbul sayılmır. Bu zaman qarşı tərəfə etiraz etmək olar. Lakin bir çox iddia olunan icmalar da vardır ki, onun heç bir tutarlı əsası yoxdur. Çünki icmanın tərifində deyilir ki, dövrün alimləri yekdil olaraq məsələyə dair fitva verməlidirlər”.
Nəticə etibarı ilə fiqhi ixtilafın bu özülündə qeyd etmək olar ki, məsələyə dair Qurandan möhkəm ayə, səhih hədis və ya alimlərin yekdil rəyi varsa, o məsələdə qarşı tərəfə etiraz etmək olar, hətta bu məqsədəuyğun sayılır. Amma məsələnin hökmü ilə bağlı Qurandan qəti dəlil, açıq-aşkar ayə, həmçinin, hədislərdən səhih və dəlilliyi güclü olan bir sübut yoxdursa, bu zaman müctəhid alimlər öz bilik səviyyələri çərçivəsində şəriətin prinsiplərinə söykənərək məsələnin həllini çözməyə çalışırlar ki, bu da bəzən birdən çox fikrin səslənməsinə səbəb olur. Əlbəttə, bu təbiidir və İslam dinində məqbul sayılır.
İnşallah, növbəti məqaləmizdə “Obyektiv mövqe nümayiş etdirmək və qarşı tərəfin müsbət cəhətlərini qiymətləndirmək” məsələsinə toxunacağıq.
/Azerimuslims/
229 dəfə oxunub
İstifadəçi şərhləri
Elnur
04-02-2010 , 17:38
ÇOx sag olun!
sağ olun ki, bu kimi meqalelerle sünni-şiə probleminin aktuallığını və həll edilməsini nəzərimizə çatdırırdınız.
çap versiyası
göndər
yuxarı