Anar Rüstəmov

Haiti tarixi, dünəni, bugünü
Karib dənizi hövzəsində ada ölkə Haiti Kubanın şərqində yerləşir. Sahəsi 27750 kvadrat km, əhalisi 10 milyon nəfər, paytaxı Port-o-Prins şəhəridir. Əvvəllər Fransanın müstəmləkəsi olmuş Haiti Şimali və Cənubi Amerika ölkələri arasında ABŞ-dan sonra müstəqilliyini elan edən ikinci ölkədir. Bugün isə ölkə qərb yarımkürəsinin ən kasıb ölkələrindən olub siyasi idarəçilikdə anarxiya hökm sürür.
Tarixi: Haitinin yerli əhalisi aravaklar yaxud tainolardır. Aravakların e.ə. 4000-ci ildə Haitiyə gəldikləri ehtimal edilir. 1492-ci ildə Xristofor Kolumbun yeni dünyanı kəşfindən sonra Haiti adası Hispaniola adlandırılır. Bu zaman adada 3 milyona yaxın yerli əhalinin yaşadığı tarix kitablarında öz əksini tapıb. Hispaniola Avropadan gəlib “yeni dünyanı fəth edənlərin” bazasına çevrilir. XVI əsrdə Haitidə yaşamış ispan katolik rahib Bartolome de Las Kasas aşağıdakıları qeyd edirdi: “Mən 1508-ci ildə adaya gəldiyim zaman burada qızıldərililər də daxil olmaqla 60 min insan yaşayırdı. Halbuki 1494-cü ilə qədər adada 3 milyondan çox insan yaşayırdı. Ancaq 1494-cü ildən 1508-ci ilə qədər 3 milyondan çox insan müharibə, köləlik və ağır işlərdə çalışmağa məcbur edildiyindən dolayı öldü. Gələcək nəsillərdə buna kim inanacaqdır?”
Bəzi tarixçilər Las Kasasın bu rəqəmi həddən artıq göstərdiyini bildirərək, adada bir milyona qədər insanın yaşadığını qeyd edirlər. Bəziləri isə bu rəqəmin 8 milyon olduğunu hesab edirlər. Bununla belə Las Kasas kitabındakı məlumatlara istinadən Şimali Amerika sahillərindən cənuba doğru bütün Mərkəzi Amerika, Cənubi Amerikanın şimal hissəsi və Karib hövzəsi adalarında yerli əhaliyə qarşı soyqırımının törədilməsi şübhəsizdir ki, sözügedən qətliamlar məhz avropalıların “fəth”lərinin məhsuludur. Tarix kitablarından o da məlumdur ki, artıq 1531-ci ildə Haitidə yerli əhalinin sayı 600 nəfərdən çox deyildi ki, bu da onların bugün tamamilə məhv olmuş mədəni cəmiyyət olduğunu göstərir.
XVII və XVIII əsrlərdə adanın bugünkü Haiti ərazisi adlanan 3-də bir hissəsi fransız dəniz quldurlarının əlinə keçdi. Fransızlar ərazidən ispan və ingilis gəmilərinə hücum etmək üçün istifadə edirdilər. Sonralar dəniz quldurları adanın Müqəddəs Dominqes adlandırdıqları bu hissəsində şəkər çuğunduru və qəhvə istehsalına başladılar.
Fransız imperiyasının XVIII əsrdəki ən zəngin müstəmləkələrindən birinə çevrilən Müqəddəs Dominqes, yəni Haitinin qərb hissəsi XVIII əsrin 80-ci illərində Avropada şəkərə olan tələbatın 40, qəhvənin isə 60%-ni ödəyirdi. Bu dövrdə şəkər qamışı və qəhvə istehsalında işləmələri üçün afrikadan 790 min insanın kölələşdirilərək, gətirildiyi məlumdur ki, onların da arasında müsəlmanlar kifayət qədər idi.
Müstəqillik: 1789-cu il Fransız inqilabı Haitinin Müqəddəs Dominqes hissəsində mühüm dəyişikliklərə səbəb oldu. İnqilab başa çatdıqdan sonra isə adadakı kasıb və varlı ağdərililər yeni qanunlara görə koloniyanın necə idarə ediləcəyi xüsusunda ixtilafa düşürlər. Bu arada köləlikdən xilas olmuş qaradərili əhali və yerli haitililər inqilabdan sonra qəbul olunan vətəndaş və insan haqları bəyənnaməsinə müvafiq olaraq, fransız vətəndaşı olduqlarını iddia edirlər. Bu arada Haiti üsyanını başladan kölələr haitili liderlər Tüssant Luvertur, Jan Jak Dessalin və Henri Xristofun rəhbərliyi altında bir hərbi qüvvəyə çevrilirlər. silahlı gücə çevrilirlər. Bu hərbi birlik Napoleon Bonapartın göndərdiyi fransız ordusunu məğlubiyyətə uğratdıqdan sonra 1804-cü ildə Haiti adlı dövlətin yarandığını və öz müstəqilliklərini elan edirlər. Rəhbərliyi öz əlində cəmlşdirən general Dessalin bir il sonra - 1805-ci ildə konstitusiyanın müddəalarını təsdiqləyir. Sözügedən konstitusiyada nəzəri cəlb edən məqamlardan biri də hər bir kəsin dini seçimində azad olmasını nəzərdə tutan bənd idi. Həmçinin, konstitusiyaya görə ölkə vətəndaşları haitili “qara” kimi qəbul edilirdi.
Haiti müstəqilliyini elan etməsinə baxmayaraq, 1826-cı ildə Panamada keçirilən Müstəqil Amerika Ölkələri Konfransına daxil edilmədi və 1862-ci ilə qədər ABŞ tərəfindən tanınmadı. I Dünya müharibəsindən sonra 1915-ci ildə ABŞ Haitini işğal edərək, ölkəni 1934-cü ildə öz nəzarəti altında saxladı. Haitidə XV əsrdən XX əsrə qədərki 500 ildə vaxtaşırı soyqırımılarının törədilməsi bu ölkənin acı gerçəkliklərindəndir.
Maraqlıdır ki, adanın cənubunda arxeoloqların apardıqları araşdırmalar nəticəsində ölkədə ərəb dilində yazılar olan çömlekler, kasalar, vazalar tapılıb. Buna əsaslanan alimlər ölkəyə müsəlmanların Xristofor Kolumbdan belə əvvəl gəldiyini bildirirlər.
Bugünü: Yuxarıda da qeyd edildiyi kimi artıq uzun illərdir ki, hökumət ölkəyə nəzarət edə bilmir. Hazırda Haitidə təhlükəsizliyi BMT sülhməramlıları təmin etməyə çalışır ki, bu da əsasən gündüz saatlarında həyata keçirilir. Ölkədə turizm anlayışı mövcud olmadığına görə, ağdərili insanların gecə vaxtı küçəyə çıxması olduqca təhlükəlidir. Haiti küçələrinə bandit qruplar hakimdir və vəziyyətə nəzarət edənlər də elə onlardır.
Adada olan humanitar yardım təşkilatları nümayəndələrinin sözlərinə görə, Haitidəki səfalət Afrika ölkələrini belə geridə qoyub. İnsan oğurluğu və qətli geniş yayılıb, zəlzələdən sonra ada sakinləri arasında ərzaq müharibəsi daha da kəskin xarakter alıb.
Bu ilin yanvar ayının 12-də ölkədə 7,3 bal gücündə baş vermiş zəlzələdən sonra onsuz da kasıb oan ada əhalisinin vəziyyəti daha da acınacaqlıdır. Bir tərəfdən, insanların su və ərzaq tapa bilmələri üçün bir-birilərilə mübarizəsi, digər tərəfdən də Haitidə daim maraqları olmuş ABŞ kimi qonşu ölkənin zəlzələdən öz mənafeyi üçün istifadə etməsi ki - adaya Amerika əsgərlərinin göndərilməsi də buraya daxildir – vəziyyəti daha da dözülməz edir. Sofoklun: “Vəhşiləşdiyi zaman insandan daha qorxunc bir məxluq yoxdur” sözü bugün Haitidəki yaşayan insanların bir hissəsi üçün deyilmiş ola bilər.
BMT-nin hesablamalarına görə, Haitinin yenidən bərpası növbəti 25 ildə həyata mümkündür. Ancaq baş vermiş zəlzələdən sonra dünya ölkələrinin Haitiyə humanitar yardım göndərməsində ləngimələri, inkişaf etmiş ölkələrin yardımlarının istənilən səviyyədə olmaması və haitililərin də bu vəziyyətə etirazlarını nəzərə alsaq, hətta 25 il ərzində belə ölkənin yenidən qurulmasının başa çatdırılması o qədər də inandırıcı görünmür...
P.S. Hazırda Haitidə 7 minə qədər müsəlman yaşayır. Ölkədə bir sıra məscidlər fəaliyyət göstərir. Ancaq maddi baxımdan müsəlmanların da vəziyyəti digərlərindən fərqli deyildir.





/AzeriMuslims/
298 dəfə oxunub
İstifadəçi şərhləri
Omerli Ali
24-01-2010 , 01:17
Thanks....
Susen
23-01-2010 , 12:49
Cox sag olun!
bimar
23-01-2010 , 12:27
Salam aleyk
Allah razı olsun qardaslar maraqlıməlumatlara görə!
çap versiyası
göndər
yuxarı