İ.Rüstəmov

Ramazanın qorunması
Ramazan ayında Kitabını göndərməklə yer üzünü nurlandıran Allaha həmd olsun! İzzət və Cəlal sahibi Allahu-təalə Ramazan orucunu müsəlmanlara fərz buyurmuşdur. Kitabında buyurduğu kimi, “kim bu aya rastlarsa onu oruclu keçirsin”.
“İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran Qur’an Ramazan ayında nazil edilmişdir. Bu aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar…” (Əl-Bəqərə 185)
Məlum olduğu kimi qəməri (ay) təqviminə görə Ramazan ayından əvvəl Şaban ayı gəlməkdədir və bu ayın son günləri Ramazana bitişməkdədir. Rasulullah (s) bu ayın son günlərində oruc tutmaqdan çəkindirmişdir.
“Hər kim Ramazanın girdiyində şübhə olan günü oruc tutarsa Əbul-Qasimə (Rasulullaha) asi olmuşdur.” (Tirmizi, Nəsayi, Əbu Davud)
Ramazandan sonra gələn Şəvval ayının 1-ci günü isə Ramazan bayramıdır. Rasulallah (s) bu gündə oruc tutmaqdan çəkindirmişdir:
“Ramazan bayramına gəlincə, Ramazan orucunu tuttuğunuzdan dolayı o gün yemək yeyin. Qurban bayramına gəldikdə isə, kəsdiyiniz qurbanlardan yeyin!” (Buxari, Muslim)
Göründüyü kimi Rasulullah (s) Şaban ayında da Şəvval ayında da özü nafilə orucu tutub, ümmətinə də bunu tövsiyə etmişdir:
“Kim Ramazan ayını oruc tutar və Şəvvaldan da altı gün əlavə edərsə bütün ili oruc tutmuş kimi sayılar.” (Müslim, Tirmizi, Əbu Davud) Usamə bin Zeyd: “Ya Rasulullah! Şaban ayındakı qədər heç bir ayda oruc tutduğunu görmədim” dedikdə Rasulullah (s) belə buyurdu: “Şaban ayı insanların Rəcəblə Ramazan arasında qəflətdə keçirtdiyi bir aydır. Bu ayda əməllər aləmlərin Rəbbinə yüksəlir. Əməllərimin oruclu olaraq yüksəlməsini istəyirəm. (Əbu Davud, Nəsai)
Buna rəğmən bu ayların orucunu Ramazan orucuna bitişməsini əngəlləmiş, Ramazanı, özündən əvvəlki Şaban və sonrakı Şəvvaldan orucsuz günlərlə ayırmışdır.
Görəsən nə üçün?!
Bayram günü yemək, içmək, sevinmək günü olub, oruc tutmaq bunun ruhuna düz gəlməməkdədir. Buna görə də bayram günü (Şəvvalın 1-ci günü) oruc tutmaq qadağan edilmişdir.
Yenə “şəkk günü” kimi məşhur olan Şabanın son günümü, yoxsa Ramazanın 1-ci günümü olması qəti məlum olmadığı üçün, bu gün oruc tutmaqdan çəkindirmişdir.
Yoxsa burada daha dərin sirlər yatmaqdadır? Bununla Şari (şəriət qoyan) başqa daha fərqli məqsədlər hədəfləməkdədir?
İmam Qurtubi (r) deyir ki; “Doğrusunu bilən Allahdır. Bəlkə də Şabanda şəkk günü oruc tutmağın məkruh olması bundan dolayıdır. Ayrıca Ramazan bayramının birinci günü daxil olmaqla Şəvvalın 6 günlük orucunu Ramazana birləştirib tutulmasının məkruh olması da bu səbəbdəndir.” Bunları deyərkən İmam (r) bununla Xristianların düşdüyü zəlaləti nəzərdə tutrdu.
Məsələ ondadır ki; “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (əl-Bəqərə 183) ayəsi haqqında belə deyilmişdir: “Allah hz. Musa və hz. İsanın qövmünə Ramazan ayını fərz yazdı. Həmən qövmlərin alimləri ona 10 gün əlavə etdilər. Sonra alimlərindən birinin xəstələnməsi ilə 10 gün oruc nəzir edib, onu da öncəki artırılan oruca əlavə etdilər. Beləcə orucları 50 gün oldu. Ramazan yay aylarına düşdüyü üçün bu onlara ağır gəldi. Onlar da orucu şəmsi (günəş) təqvimi ilə bahar aylarına nəql etdilər. (Bu əş-Şabi, Qatədənin görüşüdür)
Belə də deyilmişdir: “Onlar işi daha sağlam tutmaq istədiklərindən 30 gündən əvvəl bir gün, ondan sonra da bir gün oruc tutdular. Sonrakı nəsillər də belə etdilər. Nəhayət orucları toplam 50 gün oldu. İsti havalarda bu qədər oruc tutmaq onlara ağır gəldiyindən dolayı günəş təqvimi ilə bahar mövsümünə nəql etdilər.” (Ən-Nəqqaş deyir ki, bu barədə Həsən əl-Bəsri və əs-Sudidən gələn bir hədis vardır).
İslam böyüklərinin Rasulullahın (s) bu qadağalarına həssas yanaşmaları bu fikirləri dəsdəkləməkdədir. Əş-Şabi deyir ki; “Bütün il boyu oruc tutsam belə şəkk günü mütləq orucumu açaram. Çünki xristianlara da bizim kimi Ramazan ayında oruc tutmaq fərz qılınmışdır. Onlar...”
Xristianların örnəyindən görüldüyü kimi dinə yenilik gətirmək (bidət) kimi özbaşınalıq zəlalətə, zəlalət də atəşə səbəb ola bilər. İmam Qurtubi və digərlərinin ehtimalına görə Rasulullahın (s) Şabanın axırında və Şəvvalın əvvəlində oruc tutmağa qoyduğu qadağa, məhz Ramazanın təhrif olunmaqdan qorunmasına xidmət etməkdədir. Çünki biz “bəzi gecələrdə” 1000 rükət namaz qılmaq, 10000 min dəfə bəzi zikirləri oxumaq kimi heç bir dəlili olmayan əslində isə abardılıb şişirdilmiş özfəaliyyətlərə tez-tez rast gəlirik. “Fəqət bu daha gözəldir” deyə sünnətə zidd ibadət və əməllərin niyyəti, niyyətlərin ən üstünü və gözəli olan “Allah rizası” üçün olsa belə, onda xeyir bərəkət olmaz. Çünki bir niyyət yetərli olmaz. Əməlin həm də Allahın qoyduğu üsul və qaydaya uyğun gəlməsi lazımdır. Məsələn sübh namazı 2 rükət olduğu halda, “İki rükət Allah rizası üçün azdır, mən dörd rükət qılacağam” deyə Allahın qoyduğu qaydaya əks şəkildə qılınsa, Allah rizası üçün olsa belə, onda xeyir bərəkət olarmı?!
Yenə bizdən əvvəlkilərin Qurandan bu mövzudakı bir örnəyi vermək istərdim. Allah daima öncəki toplumlardan ibrət götürməyi vurğulayır.
“De: Yer üzünü gəzin dolaşın və baxın görün sizdən əvvəlkilərin aqibəti necə oldu” (Rum 42)
Rəsulullah da (s) bu mövzuda belə buyurur: “Özünüzə zülm etməyin. Elə ki, bir qrup özü üçün çətinləşdirmişsə Allah da bu işi onlara çətinləşdirmişdir. Onların xələfləri olan kilisə və manastırları görməkdəsiniz.” (Əbu Davud)
Çəkəcəyim örnək ruhbanlığın icadıdır.
“(Onlardan sonra) Məryəm oğlu İsanı göndərib ona İncil verdik. Onun ardınca gedənlərin qəlblərində bir-birinə şəfqət, mərhəmət oyatdıq. Onlar özlərindən rahiblik (tərki-dünyalıq) icad etdilər. Biz onu (rahibliyi) onlara vacib buyurmamışdıq. Onlar bunu Allah rizasını qazanmaq üçün etdilər. Lakin ona layiqincə əməl (riayət) etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə (Allaha asi olan) fasiqlərdir.” (Əl-Hədid 27)
Bu ayədə qeyd edilən üç məsələyə toxunmaq istərdim.
1. Allahın əmri və icazəsi olmadan insanların ruhbanlığı icad etmələri.
2. Bunu edərkən Allah rizası üçün etmələri.
3. Buna layiqincə riayət etməmələri.
Allahın vacib buyurmadığı bir şeyi özünə vacib qılmağın nə ilə nəticələnəcəyi, xristianların timsalında görürük. Bu işlər bidət (dinə gətirilmiş yenilik) olduğu üçün bunlarda xeyir olmadı. Nəticə isə Rəsulullahın (s) buyurduğu kimi; “Asanlaşdırın, çətinləşdirməyin. Kim dini çətinləşdirərsə din ona qalib gələr” (Buxari) oldu. Dinin ona qalib gəlməsi -çətinləşdirdiyi dinin əmrlərini yerinə yetirməkdən aciz qalmaqdır.
Bu ümmətdən də xristianların yolunu tutanlar olmuşdur. Bu da təəccüblü deyil. Çünki Rəsulullah (s) bu barədə xəbərdar etmişdir:
“Sizdən qabaqkıları addım-addım izləyəcəksiniz. Hətta kərtənkələnin girmədiyi bir deşik belə qalmayacaq ki, onlar girsin və siz girməyəsiniz.” Sual verildikdə: “Ya Rəsulullah! Bizdən qabaqkılar kimdir? Yəhudu və xristianlarmı?” Buyurdu: “Başqa kim olacaq?”
“*Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!
*Bizi doğru yola yönəlt!
*Ne’mət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların yox!” (Əl-Fatihə)
Rəsulullah (s): “Qəzəbə düçar olanlar yahudilərdir. Yolunu azanlar da xristianlardır” demişdir” (Tirmizi)
Allah bizi Onun dinini nazil etdiyi kimi hifz edənlərdən etsin!
4620 dəfə oxunub
İstifadəçi şərhləri
çap versiyası
göndər
yuxarı