Sual # 1137
(Ümumi)
Kişi və qadın hansı qan qruplarına malik olarsa evliliklərində problemlər baş verə bilər?
Salam. Kişi və qadın hansı qan qruplarına malik olarsa evliliklərində
problemlər baş verə bilər?
Amil
Əleykümsalam. “Qan uyuşmazlığı” problemi zənn edildiyi kimi ər-arvad arasında deyil, hamiləlik dövründə ana və bətnindəki körpəsi arasında olan anormal bir vəziyyətdir. Hansı qan qrupları arasında və necə bir uyuşmazlıq olduğunu qeyd etməzdən əvvəl qan qruplarını qeyd etmək yerinə düşər. Qanımızda oksigen daşımaqla vəzifəli olan qırmızı qan hüceyrələrindəki proteinlər əsas götürüldüyü zaman klassik olaraq, 4 əsas qan qrupu vardır. Bunlar “A”, “B”, “AB” və “O” qruplarıdır. Həmçinin, burada “RH” amilini də qeyd etmək lazımdır. Fərd, “D” proteininə sahibdirsə Rh pozitiv (+), deyilsə Rh neqativ (-) kimi ifadə edilir. Rh (-) şəxslərin bədənində D proteini olmur və bu, immunitet sistemi üçün tamamilə yad bir maddədir.
Normal şəraitdə hamiləlik dövründə ana ilə körpəsinin qanları bir-birinə qarışmadan plasenta (ər) vasitəsilə oksigen, karbondioksid və qida elementlərinin qarşılıqlı “alış-verişi” baş tutur.
Ana Rh (-), körpə isə Rh (+) isə ilk hamiləlikdə heç bir problem baş vermir. Körpə doğularkən zədələnən damarlardan bir miqdar qan, ananın Rh(-) olan qanına qarışa bilər. Beləliklə də ananın immunitet sistemi tamamilə bədəninə yad olan bir proteinlə, “D” proteini ilə tanış olacaq, burada ona qarşı reaksiya meydana gələcək, həmin maddəni tanımadığı üçün məhv etmək istəyəcəkdir. Ağ qan hüceyrələrinin “D” proteinini yox etmək üçün ifraz etdiyi maddəyə xas – maye maddələr (antikorlar) istifadə edərək, məqsədinə çatar. Bununla da ananın qanında bir dənə belə körpə qan hüceyrəsi qalmaz və onlar tamamilə məhv edilər. Bu “döyüş” başa çatdığı zaman geridə “anti-D antikorları” adı verilən maye və bunları lazım olduğu təqdirdə hər yenidən ifraz edə biləcək ağ qan hüceyrələri qalır. İkinci hamiləlikdə uşaq əgər yenə Rh (+) qana sahibdirsə ananın bətnində hazır olan bu maddələr asan şəkildə körpənin qanına qarışırlar.
Körpənin qırmızı qan hüceyrələri məhv edilməyə başlanır. Körpənin sümük iliyi, qaraciyər və dalağı məhv edilən qırmızı qan hüceyrələrinin əvəzinə yenilərini “istehsal” edir və azalan qanı yenidən bərpa edir. Bu ifrat qırmızı qan hüceyrəsi yığımı və formalaşması prosesində “bilirubin” adlı və çox olduğu zaman zərərli olan bir maddə əmələ gəlir. Bu maddələr körpədən anaya keçsə ananın qaraciyəri tərəfindən məhv edilir. Körpənin qaraciyəri hələ bu maddəni tamamilə zərərsizləşdirəbiləcək qədər inkişaf etməmişdir. Əgər istehsal edilən qırmızı qan hüceyrələri yox ediləndən az olarsa nəticədə körpə həddən artıq qan itirməyə məruz qalması ucbatından həyatını itirə bilər. Əgər arada bir balans vardırsa, körpə ya qanazlığı yaxud da sağlam şəkildə dünyaya gələr ki, problem də əsas bu zaman özünü büruzə verər. Çünki qan hüceyrələri hələ də parçalanmaqdadır.
Digər tərəfdən, özünü büruzə verən sarı boya maddəyə bənzər “bilirubin” körpənin qaraciyəri tərəfindən kifayət qədər bədəndən uzaqlaşdırılmamaqdadır. Qanda müəyyən bir səviyyəni aşan “bilirubin” maddəsi göz ağlarına, cildə və nəticədə əsas zərərini göstərdiyi beyin və sinir sisteminə nüfuz edərək, körpənin həyatını təhlükə qarşısında qoyur ki, nəticədə körpədə əzələlərin sərtliyi, zehni inkişafın zəifliyi kimi sinir sistemi pozğunluqları meydana gəlir.
Yeni doğulan və sarılığı olan körpələrdə sarı boya maddə “bilirubin”i bədəndən daha asan uzaqlaşdırmaq üçün müəyyən bir dalğa boyundakı ultrabənövşəyi şüalardan istifadə edilir. Körpələrin müvafiq istilik mühiti ilə təmin edilən xüsusi beşiklərdə yaxud yataqlarda ultrabənövşəyi şüa vasitəsilə müalicəsinə “fototerapiya” deyilir. Kifayət olmadığında körpənin göbək kordonundan taxılmaq surətilə bir sistemlə müvafiq Rh (-) qanla “qan dəyişikliyi” həyata keçirilərək, uşaq həyati təhlükədən çıxarıla bilər. Ancaq gec qalınacağı təqdirdə uşaq korluq, karlıq, çəplik, iflic və s. kimi ağır fəsadlara məruz qala bilər.
Qan uyuşmazlığı və nəticələri bu qədər ağır ola bildiyinə görə, belə olan halda qanı Rh (-) olan analar üçün bəzi qoruyucu tədbirlərin alınması vacibdir. Ana olmağa hazırlaşan bir şəxs Rh (-) qana sahibdirsə, ilk doğuşdan sonra və ya uşaqsalma baş verərsə körpəsindən ona həmin anda keçə biləcək Rh (+) qan hüceyrələrinə qarşı ananın immunitet sistemində reaksiya əmələ gəlməzdən əvvəl müdaxilə edilməlidir. Belə ki, məhz belə hallar üçün xüsusi hazırlanmış bir serum (qan və ya limfa zərdabı) “Anti-D İmmun Globulin” vardır. Bu maddə doğuşdan sonra və ya uşaqsalma baş verəcəyi təqdirdə anaya iynə ilə vurulmalıdır.
“Anti-D İmmun Globulin” qana qarışaraq, körpədən keçən Rh (+) qan hüceyrələrini dərhal məhv edir. Bir müddət sonra “Anti-D İmmun Globulin” öz təbii ömrünü başa vurur və qanda həll olur. Müəyyən müddət sonra qanda həll olan “Anti-D İmmun Globulin” ananın sonrakı hamiləlik dövrlərində uşağın sağlamlığı baxımından heç bir problem yaratmır. Ancaq unudulmamalıdır ki, bu immun qlobulin hər dəfə hamiləlik başa çatdıqda yenidən tətbiq edilməlidir gərəkdir. Ümumiyyətlə, qan uyuşmazlığı ilk körpədə heç bir problem əmələ gətirmir. Həmçinin, növbəti doğulacaq və qanı Rh (-) olan uşaq üçün hər hansı bir problem əmələ gətirmir.
Rh uyğunsuzluğu qədər ağır şəkildə baş verməsə də “qan qrupları” arasında uyğunsuzluq da baş verə bilir və bu əsasən ananın “O” körpənin “A”, “B” və ya “AB” olduğu zaman meydana gəlir. Bu zaman müxtəlif mexanizmlərlə, ancaq eyni prinsiplərə söykənən proseslər baş verir. Ancaq körpənin həyatı üçün təhlükə əhəmiyyətli dərəcədə azalır.
Nəticə olaraq, demək mümkündür ki, qanı Rh (-) olan anaların qanı Rh (+) olaraq doğula biləcək uşaqları üçün əvvəlcədən müəyyən tibbi prosedurların yerinə yetirilməsi gərəkdir. Genetik qaydalara əsasən, valideynlərin hər ikisi Rh (-) qana sahibdirlərsə, onların körpələrinin qanı Rh (+) olmayacaqdır.
Əgər ananın qanı Rh (-), atanınkı Rh (+) isə o zaman onların dünyaya gələcək körpələri Rh (+) yaxud Rh (-) ola bilər. Ana və körpəsi Rh (-) qana sahibdirsə burada heç bir uyğunsuzluq yoxdur və buna görə, anaya “Anti-D immun globulin” tətbiq etməyə lüzum yoxdur.
Ananın qanı Rh (+) olduğu hallarda uşağın qanının Rh (+) və ya (-) olmasından asılı olmayaraq, yenə heç bir uyğunsuzluq olmayacaqdır. Əgər valideynlərin hər ikisinin qanı “O” qrupudursa onlardan dünyaya gələcək uşaqlar da mütləq “O” qrup qana malik olacaqlar. Belə olan halda ana və körpə arasında qrup uyğunsuzluğu olmayacağı məlumdur.
Ana “O”, ata “A” qrupu qana malikdirsə, uşaq “O” və ya “A”; ana “O”, ata isə “B” qrupu qana malikdirsə, uşaq “O” və ya “B”; ana “O”, ata isə “AB” qrupu qan daşıyırsa uşaq “A” yaxud “B” olacaqdır. Ananın “A” yaxud “B” qan qrupuna malik olduğu, uşağın “B” yaxud “A” qan qrupunun daşıyıcısı olduğu hallarda uyuşmazlıq hallarına nadirən rast gəlinir. Digər tərəfdən, bəzi alt qan qrubu uyğunsuzluqlarında, hətta heç bir uysuzluğun olmadığı kimi qeyri-adi vəziyyətlərdə belə qan uyuşmazlığına bənzər klinik hallar müşahidə edilə bilər.
Sağlam bir övlad dünyaya gətirmək üçün hamiləlik dövründə sağlam və düzgün müşahidə altında olmaq əsas şərtdir. Ana-ata olmağa hazırlaşanlar öz sağlamlıqlarına, qidalanmalarına diqqət yetirməli, qadınlar vaxtaşırı həkim məsələhətindən faydalanmalıdırlar. Bütün bunlar qarşıya çıxacaq, hər bir problemin həllini təmin edəcəkdir.
Sualı cavablandırdı saytın eksperti ilahiyyatçı Dilavər Məmmədov.
/AzeriMuslims/
414 dəfə oxunub