Sual # 1127
(Şəriət və fiqh )
Böyük oğul anası sağ ola-ola onun əvəzinə qəza namazlarını qıla bilərmi?
Salam. Böyük oğul anası sağ ola-ola onun əvəzinə qəza namazlarını qıla bilərmi? Çox sağ olun.
Vüqar
Əleykümsalam. İslamın 5 şərtindən ikincisi olan namaz Uca Allahın qullarına fərz buyurduğu gündəlik ibadətdir. Namaz fərdi ibadətdir. Qurana və Peyğəmbərin (s) sünnəsinə nəzər saldıqda namazın fərdi ibadət olduğu açıq-aydın görünür.
Burada Quranda namazla bağlı bir neçə ayəni xatırlamaq yerinə düşər: “(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl” (əl-Ənkəbut, 45); “O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər” (əl-Bəqərə, 3); “(Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza (günortadan sonrakı əsr namazına, ikindi namazına) riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun)” (əl-Bəqərə, 238).
Suala gəlincə, heç bir kəs sağ olan anasının və ya digər şəxsin əvəzinə, nə qəza nə də digər namazları qıla bilər. İslam hüququnda müsəlmanların namaz qılması ilə bağlı bir çox hökm vardır. Dinimizdə insanın sağlam və xəstə olması da nəzərə alınaraq, müvafiq namaz qılmaq formalarına icazə verilib. Məsələn, ayaqüstə dura bilməyəcək şəxslərin oturaraq, oturmağa belə gücü çatmayan şəxslərin uzanaraq, hərəkət etməyə taqəti olmayanların işarələrlə namaz qılmasına belə icazə verilib. Bütün bunlar onu göstərir ki, fiziki vəziyyətindən asılı olmayaraq, hər bir kəs namazı şəxsən qılmalıdır. Bir şəxsin başqa birinin (xüsusilə də həmin şəxs sağdırsa!) əvəzinə namaz qılması qadağandır.
Sualı saytın eksperti ihaliyyatçı Anar Rüstəmov cavablandırdı.
523 dəfə oxunub